Demokratik Dünya Azərbaycanlıları Konqresi
Demokratik Dünya Azərbaycanlıları Konqresi (Demokratik DAK) 1997
ildə Amerika Birləşmiş Ştatlarında yaradılmış Dünya Azərbaycanlıları Konqresinin
(DAK) varisidir və 2006 ilə qədər DAK adı ilə fəaliyyət göstərmişdir. İlk
qurultayı ABŞ-ın Los-Angeles şəhərində, ikinci qurultayı 1998 ildə Vaşinqtonda,
üçüncü qurultayı 1999 ildə Almaniyanın Koln şəhərində, dördüncü qurultayı
Azərbaycanın Avropa şurasına üzv qəbul olunma ərəfəsində 2000 ildə Fransanın
Strasburq şəhərində, beşinci qurultayı 2001 ildə diasporumuzun daha çox
məskunlaşdığı İsvecdə-Malmö şəhərində, altıncı qurultayı 2002 ildə Hollandiyanın
Haaqa (Denhaq) şəhərində, yeddinci qurultayı 2004 ildə yenidən Strasburqda,
səkkizinci qurultayı 2005 ildə Turkiyənin paytaxtı Ankarada və doqquzuncu
qurultayı 2006 ildə İsveçin paytaxtı Stokholmda keçirilmişdir.
Stokholmda keçirilən I(IX)qurultayda DAK-ın adında dəyişiklik edilərək
Demokratik DAK adlandırılmış və yeni nizamnamə qəbul olunmuşdur. Əvvəlki
nizamnamədə qurultayların keçirilməsi ildə bir dəfə nəzərdə tutulsa da, yeni
nizamnaməyə görə bu müddət üç ilə qədər uzadılmışdır.
Təşkilat demokratik və kolleğial idarəetmə sisteminə malikdir. Təşkilatın
rəhbərliyi qurultayda, iştirakçılar tərəfindən müəyyən edilən sayda seçilmiş
İdarə Heyətidir. İdarə Heyətinin rəhbəri öz üzvləri içərisindən seçilmiş
başqandır. İdarə Heyəti təşkilatın fəaliyyətinə cavabdehdirlər.
Demokratik DAK-ın uyğun şöbə və bölmələri, mətbuat xidməti, komitələri və daimi
komisiyaları, bir çox ölkələrdə bölgə nümayəndəlikləri və bölgə təşkilatları
vardır.
Təşkilat ABŞ-da rəsmi qeydiyatdan keçmişdir. Bank hesabı, möhürü, loqotipi,
internet səhifəsi və internet qrupları vardır.
İstəyi, 50 milyonluq azərbaycanlıların birgə yaşamasının təmin olunması,
azərbaycanlıların yaşadıqları ölkə və bölgələrdə onların insan haqlarının təmin
olunması, hər bir azəbaycanlını azad, xoşbəxt və firavan görməkdir.
Güney Azərbaycanda əsrlər boyu danılmış milli haqlarımızın alınması, Azərbaycan
Respublikasında demokratik seçimlərin təmin olunması və insan haqlarının
qorunması, eləcə də, Qarabağ sorununun tezliklə həll olunması ügrunda
diasporumuzun təşkilatlanması Demokratik DAK-ın əsas hədəflərindəndir.
|
 
|