Tarix, Azərbaycan xalqının taleyinə acı bir bölünmək qisməti yazmışdır. İran
və Rusya, 1813 ildə əvvəlcə, Gülüstan, 1828 ildə isə Türkmənçay müqavilələrini
imzalayaraq, Azərbaycanı öz aralarında bölmüşlər. Bundan sonra, bu dövlətlər
zaman-zaman milli mücadiləyə qalxan Azərbaycan xalqının iradəsini qırmağa
çalışsalar da, müvəffəq ola bilməmişlər.
Rusiya tərkibinə daxil edilmiş ərazilərimizdə Quzey Azərbaycan Cumhuriyyəti
1918 ildə öz müstəqilliyini elan etsə də, 23 aydan sonra bolşevik Rusyası onu
yenidən işğal etmişdir.Lakin, 1991 il oktyabrın 18-də, Quzey Azərbaycan Sovet
imperiyasının caynağından qurtularaq, öz müstəqilliyini yenidən elan etdi.
Bu dövrlərdə, Güney Azərbaycanda da milli azadlıq hərəkatı dəfələrlə vüsət
almış, lakin fars şovinizmi bu prosesləri müvəqqəti də olsa dayandıra bilmişdir.
1945 il dekabrin 12-də Azərbaycanın güneyində Milli Hökümət qurulsa da, cəmi bir
il sonra fars və rus şovinistlərinin birgə fitnəkarlığı milli hökumətin
devrilməsinə səbəb olmuşdur..
Artıq bəşəriyyət öz inkişafında yeni bir tarixi dövrə - XXI əsrə qədəm
qoymuşdur. Hazırda dünyanın siyasi sürəcləri içərisində demokratikləşmə
dalğasının sürətlə yayılması ilə imperiyalar çərçivəsində haqqları pozulan
millətlər öz haqlarını almaqda, öz dövlətlərini qurmaqdadırlar.
Demokratikləşmə və milllətləşmə çağdaş dövrün bir-birini tamamlayan iki böyük
hadisəsi olmaqla, cəmiyyərin inkişaf istiqamətini müəyyənləşdirməkdədir.
Vətənimiz Azərbaycan da məhz dünyanın bu inkişaf sürəci içərisindədir. Artıq
Azərbaycanın quzeyində müstəqil dövlətimiz yenidən bərpa olunmuş, Azərbaycanın
güneyində isə milli özünü dərk etmənin yeni dövrü başlanmışdır. Azərbaycan
türkünün vahid bir milli kimliyə yiyələməsi və ayrıca bir millət kimi öz
müqəddəratını özünün təyin etməsinin zamanı gəlib çatmışdır.
Qlobal siyasətdə dünya nizamının yeni konfiqurasiyası, dünyanın yeni
geosiyasi, iqtisadi, mədəni mənzərəsi önə çıxmaqdadır. Zorla parçalanmış
millətlərin hüquqlarının tanındığı və milli dövlətlərin qurulduğu bir zamanda
biz, 50 milyondan artıq Azərbaycan türkü, parçalanmış millətimizin gücünü bu gün
də istiqamətləndirməliyik. Əgər vaxtında hazır olmasaq, həlledici anda tarixi
fürsəti itirə bilərik. Vaxtında hazır olmağımızın ən böyük şərtlərindən biri,
milli müstəvidə dünya üzrə təşkilatlanmağımızdır.
Demokratik Dünya Azərbaycanlıları Konqresi (qısa yazılışı, Demokratik DAK), bu
yöndəki boşluğu doldurmaq üçün atılan addımlardan biridir.
Demokratik DAK, dünya üzərində yaşayan 50 milyondan artıq azərbaycanlının
insan haqlarının təmin olunmasını qarşısına məqsəd qoymuş beynəlxalq ictimai
təşkilatdır.
Biz, hər bir azərbaycanlını azad, xoşbəxt və firavan, Azərbaycanı vahid,
müstəqil və demokratik dünya ailəsinin bir üzvü kimi çiçəklənən görmək
istəyirik.
Biz, bütün insanların, bütün xalqların haqq və hüquqlarına hörmətlə yanaşır,
dünya ictimaiyyətindən də azərbaycanlıların haqq və hüquqlarına hörmətlə
yanaşmalarını istəyirik.
Demokratik DAK təşkilatı, bu yüksək amalı həyata keçirmək üçün
yaradıldığından qarşısına aşağıdakı məram və məqsədləri qoyur:
- Demokratik DAK, Azərbaycan
türkünün vahid milli kimliyə yiyələnməsi, bu milli kimliyə sahib çıxması və
bir millət kimi öz müqəddəratını təyin etməsi, insan haqqlarının qorunması,
gəlişməsi uğrunda mübarizə aparır, dinindən, etnik mənsubiyyətindən, siyasi
əqidəsindən, təşkilat məsubiyyətindən, sosial durumundan asılı olmayaraq hər
bir azərbaycanlı üçün demokratik prinsiplərin, insan azadlığının və insan
haqqlarının müdafiəsinin təmin olunmasını əsas rəhbər prinsip kimi qəbul
edir.
- Demokratik DAK,
fəaliyyətində tam sərbəstdir, könüllülük əsasında yaradılan demokratik
idarəetmə sisteminə malik qeyri hökumət və qeyri kommersiya təşkilatı olub,
fəaliyyətini ümumdünya insan haqqları bəyannaməsinə, beynəlxalq hüquq
normalarında əks olunmuş insan hüquqları ilə bağlı mülki, siyasi, sosial,
iqtisadi, milli və mədəni hüquqların müdafiəsi istiqamətinə yönəlmiş
prinsiplərə, eləcə də, öz Nizamnamə və Məramnaməsinə uyğun şəkildə qurur.
- Demokratik DAK, fəaliyyətini
hər iki Azərbaycanda və azərbaycanlıların yaşadığı digər ölkələrdə həyata
keçirir, onun işində dünyanın bütün azərbaycanlıları iştirak edir.
-
Demokratik DAK, Azərbaycanın güneyində, quzeyində və bu hüdudlardan kənarda
yaşayan azərbaycanlıların çeşidli problemlərə malik olduğunu qəbul edir və
onlardan hər birinə fərdi yanaşmanı gərəkli sayır.
Güney Azərbaycana yönəlik məqsəd və vəzifələr:
- Insan haqqlarının aliliyi
prinsiplərini, BMT Nizamnaməsini əsas götürərək, hazırda, İran adlanan Güney
Azərbaycanda fars şovinizminin əsarəti altında yaşayan 35 milyondan artıq
Azərbaycan türkünün mədəni, iqtisadi, ictimai-siyasi hüquqları uğrunda
ardıcıl mübarizə aparmaq
- Güney Azərbaycanda yaşayan
türklərin milli hüquqlarının pozulduğunu sübüt etmək
- Xalqların və millətlərin öz
müqəddəratını təyin etmək hüququna əsaslanaraq, İran adlanan Güney
Azərbaycanda yaşayan türklərin ərazi və dövlət quruluşunu təyin etmək
hüquqlarının alınmasına nail olmaq
- İran adlanan Güney
Azərbaycanda hakimiyyəti qəsb etmiş fars şovinist refimi tərəfindən
Azərbaycan türklərinin hüquqlarının kütləvi şəkildə pozulması faktını
beynəlxalq təşkilarlara və dünya dövlətlərinə davamlı olaraq çatdırmaq
- Fars şovinist rejiminin
Güney Azərbaycanda tarixi-milli abidələri sıradan çıxarması və
farslaşdırması haqqında beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmaq
- Güney Azərbaycanın milli
azadlığı uğrunda mübarizə aparan təşkilatları dəstəkləmək
- Güney Azərbaycanda baş verən
milli azadlıq hərəkatını hər vasitə ilə dünyaya yaymaq
- Milli fəaliyyətinə və siyasi
baxışlarına görə təqib olunan hər bir şəxsi müdafiə etmək
Azərbaycan Respublikasına yönəlik məqsəd və vəzifələr:
- Azərbaycan vətəndaşlarının
insan haqlarının və hüquqlarının qorunması, ölkədə demokratiyanın gəlişməsi
istiqamətində fəaliyyət göstərmək
- Azərbaycanda vətəndaşların
istəyinə uyğun demokratik seçkilərin keçirilməsinə hər cür yardımçı olmaq və
hakimiyyətdən bunu tələb etmək
- Azərbaycan dövlətinin
müstəqilliyinin qorunmasına və dövlətçiliyin möhkəmlənməsinə hər cür yardım
etmək
- Azərbaycan Respublikasının
ərasi bütövlüyünün təmin edilməsi və qorunması istiqamətində fəaliyyət
göstərmək,
- Ermənistan tərəfindən işqal
olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması uğrunda mübarizə aparmaq
- Qaçqınların hüquqlarının
qorunması istiqamətində ardıcıl iş aparmaq
- Demokratik DAK-ın və
diasporumuzun gücündən istifadə etməklə Azərbaycan Respublikasının daha
yaxından tanınmasına çalışmaq
Xaricdə yaşayan azərbaycanlılara yönəlik məqsəd və vəzifələr:
- Dünyaya səpələnmiş
azərbaycanlıları milli problemlərimizin həllinə yönəltməklə onlari
Demokratik DAK ətrafında təşkilatlandırmaq
- Milli təfəkkürün,
adət-ənənələrin, milli mədəniyyətin yaşaması və gələcək nəsillərə ötürülməsi
naminə xüsusi proqram hazırlamaq
- Vətəndaşı olduğu və ya
yaşadığı ölkənin inkişafında iştirak etməklə yanaşı, Azərbaycan adını hər
şeydən uca tutmağa, həmin ölkələrlə Azərbaycan arasında normal münasibətlər
yaranmasına köməklik göstərmək
- Azərbaycan təşkilatlarının
yaradılmasına hər cür yarım etmək, onlarla ələqələr qurmaq
- Hər kəsin ideoloji yönümünə
və siyasi baxışına hörmətlə yanaşmaqla onları Azərbaycan məsələsi ətrafında
birləşdirmək
-
İctimai-siyasi birliklərlə sıx əlaqələr yaratmaq, Azərbaycanı onlara
tanıtmaq
-
Soydaşlarımızın yaşadıqları ölkələrdə seçkili və digər dövlət orqanlarında
təmsil olmalarına yardım etmək
Azərbaycanlıların kompakt şəkildə yaşadığı digər ölkələrdə
- Onların təşkilatlanmasını,
bu ölkəni öz tarixi vətənləri hesab etmələrini, onların dövlət və seçkili
orqanlarda təmsil olunmalarını təmin etmək
- Hər bir Azərbaycanlının haqq
və hüquqlarının qorunmasına çalışmaq, vətəndaş cəmiyyətinın formalaşması və
təkmilləşməsinə yardım göstərmək
- Bu ölkələrin dövlət dili ilə
yanaşı ana dilimiz olan Azərbaycan türkcəsinə mükəmməl yiyələnmələrinə nail
olmaq.
Bu məram və məqsədləri həyata keçirmək üçün təşkilatımız
demokratik seçim, aşkarlıq və beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət
göstərməyə çalışır.
Dünyada yaşayan hər bir azərbaycanlının Demokratik DAK-ın elan
etdiyi məram, məqsəd və amal ətrafında sıx birləşə biləcəyinə, hər kəsin fərdi
imkanları çərçivəsində bu işə dəstək verməyə çalışacağına inanırıq.
|