(Sənəd Demokratik DAK-ın 24-25 iyun 2006 ildə İsveçin Stokholm şəhərində keçirilmiş I(IX) qurultayında qəbul olunmuşdur)
1. Ümumi müddəalar.
1.1. Demokratik Dünya Azərbaycanlıarı Konqresi (qısa adı - Demokratik DAK), Azərbaycanda və onun hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlının haqq və hüquqlarının müdafiəsində duran beynəlxalq ictimai təşkilatdır. Demokratik DAK öz fəaliyyətində demokratik prinsiplərin aliliyini əsas tutaraq, hər bir azərbaycanlınin fərdi, sosial-iqtisadi siyasi və mədəni haqq və hüquqlarinin qorunmasını ictimai təşkilat kimi bir vəzifə olaraq öz üzərinə götürmüşdür. Demokratik DAK kollegial idarəetmə sisteminə malikdir, öz fəaliyyətində tam sərbəstdir, heç bir dövlət, hökumət və qeyri-hökumət təşkilatları qarşısında məsul deyildir. Demokratik DAK öz fəaliyyətini ümumdünya insan haqları bəyannaməsinə, beynəlxalq hüquq normalarında əks olunmuş mülki, siyasi, sosial, iqtisadi, mədəni hüquqların müdafiəsinə yönəlmiş prinsiplərə və bu Nizamnaməyə uyğun olaraq qurur.
1.2. Demokratik DAK hüquqi şəxsdir, möhürü, loqotipi, bank hesabları və digər rekvizitləri vardır.
1.3. Demokratik DAK-ın müxtəlif ölkələrdə nümayəndəlikləri və təmsilçilikləri vardır.
2. Demokratik DAK-ın məqsəd və vəzifələri.
2.1. Demokratik DAK-ın əsas məqsədi demokratik prinsipləri rəhbər tutaraq hər bir azərbaycanlı üçün insan azadlığı və insan haqlarının aliliyini təmin etməkdir.
2.2. Demokratik DAK əsasən aşağıdakı vəzifələri həyata keçirir.
2.2.1. Dünyada yaşayan azərbaycanlıları təşkilatlandırır, onların fəaliyyətini koordinasiya edir.
2.2.2. Azərbaycanlıların problemlərı haqqında insan haqlarının qorunması ilə məşğul olan beynəlxalq təşkilatları məlumatlandırır.
2.2.3. Beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan məsələsinə yönəltmək üçün aksiyalar təşkil edir.
2.2.4. Müxtəlif ölkələrin parlamentləri və dövlət yetkililəri ilə əlaqələr yaradır, onların azərbaycanlıların problemlərinin həllinə yardımçı olmalarına çalışır.
2.2.5. Hesabat və müraciətlər hazırlayır, bəyanatlar verir, milli problemlərimizə aid sənədlər hazırlayıb yayır.
2.2.6. Digər diaspor təşkilatlarını milli problemlərimizin həllinə cəlb edir.
2.2.7. Konfranslar, forumlar, görüşlər, tamaşalar, konsertlər, xeyriyyə tədbirləri keçirir.
2.2.8. Fəaliyyət göstərdiyi ölkələrin qanunvericiliyi və bu Nizamnamə çərçivəsində digər fəaliyyətləri həyata keçirir.
3. Demokratik DAK-ın təşkilat quruluşu.
3.1. Demokratik DAK-ın idarə edilməsi bu Nizamnaməyə uyğun, aşkarlıq və demokratik prinsiplər əsasında kollegial şəkildə hətaya keçirilir.
3.2. Demokratik DAK-ın ali orqanı üç ildə bir dəfə çağırılan Qurultaydır.
3.3. Növbədənkənar qurultay Demokratik DAK-ın İdarə Heyəti və ya təşkilat üzvlərinin üçdə birinin istəyi ilə çağırıla bilər.
3.4. Qurultay aşağıdakı funksiyaları həyata keçirir.
3.4.1. Təşkilatın nizamnaməsini qəbul edir, ona əlavə və ya dəyişikliklər edir.
3.4.2. Təşkilatın məramını və əsas fəaliyyət prinsiplərini müəyyən edir.
3.4.3. İdarə Heyətini və Nəzarət Təftiş Komisiyasını seçir, onların illik fəaliyyəti ilə bağlı hesabatlarını dinləyib qiymətləndirir.
3.4.5. Təşkilatın fəaliyyəti ilə bağlı digər məsələləri həll edir.
3.4.6. Qurultay seçilmiş nümayəndələrin yarıdan çoxunun iştirakı (50%+1) ilə səlahiyyətli sayılır.
3.4.7. Qurultaya nümayəndələrin seçilməsi normativini İdarə Heyəti müəyyənləşdirir.
3.4.8. Qurultayda bütün qərarlar sadə səs çoxluğu (50%+1) ilə qəbul edilir.
3.5 Qurultaylararası dövrdə təşkilatın rəhbər orqanı İdarə Heyətidir.
3.5.1. İdarə Heyəti qurultayda, nümayəndələrin müəyyən etdiyi sayda seçilir.
3.5.2. İdarə Heyəti qurultaylararası dövrdə təşkilatın fəaliyyətinə rəhbərlik edir.
3.5.3. İdarə Heyəti təşkilatın əsas fəaliyyət prinsiplərini həyata keçirir.
3.5.4. İdarə Heyəti təşkilatın strategiyasını və taktikasını müəyyən edir.
3.5.5. İdarə Heyəti öz üzvləri arasında vəzifə bölgüsü aparır, başqanı, təşkilat məsulunu, katibi, maliyyə məsulunu və s. seçir, onların istefalarını qəbul edir.
3.5.6. İdarə Heyəti mətbuat xidməti, bölgə nümayəndəlikləri, bölgə təşkilatları, şöbə və bölmələr, komitə və komissiyalar, eləcə də təşkilatın idarə edilməsində lazım olan digər xidmət sahələrini yaradır, onların fəaliyyətini müəyyən edir, rəhbərlərini təsdiq və təyin edir, yaxud onların istefasını qəbul edir.
3.5.7. İdarə Heyəti təşkilatın qurultayını çağırır.
3.5.8. İdarə Heyəti təşkilatın maliyə işlərinə rəhbərlik edir.
3.5.9. İdarə Heyətinin üzvlərin yarıdan çoxunun(50%+1) iştirak etdiyi toplantısı səlahiyyətli sayılır və qərar qəbul etmək hüququna malikdir.
3.5.10. İdarə Heyətinin təşkilata üzv qəbul etmək və ya xaric etmək hüququ vardır.
3.5.11. İdarə Heyətinin hər hansı bir üzvü üzürlü səbəb olmadan üç dəfə ardıcıl, 5 dəfə isə ara verməklə onun toplantılarında iştirak etmədikdə, İdarə Heyətinin qərarı ilə növbəti qurultaya qədər səsvermə hüququndan məhrum edilə bilər.
3.5.12. İdarə Heyətinin toplantısı bir aydan gec olmayaraq başqan və ya təşkilat məsulu tərəfindən çağırılır. Bu müddətdə toplantı çağırılmazsa, İdarə Heyətinin istənilən bir üzvünün, bütün üzvlərə xəbər verməklə, toplantı çağırmaq hüququ vardır.
3.5.13. İdarə Heyətinin fəaliyyəti təşkilatın Əsasnaməsi və özü tərəfindən tərtib olunmuş proqramla tənzimlənir.
3.6. İdarə Heyətinə rəhbərliyi İdarə Heyətinin Başqanı həyata keçirir.
3.6.1. Başqan İdarə Heyəti tərəfindən İH üzvləri arasından seçilir.
3.6.2. Başqan İdarə Heyətinin qəbul etdiyi qərarların icrasına rəhbərlik edir.
3.6.3. Başqan İdarə Heyətinin toplantılarını çağırır və üzvlərə bu haqda məlumat verir.
3.6.4. Başqan İdarə Heyətinin toplantılarında qəbul olunmuş rəsmi sənədləri imzalayır.
3.6.5. Başqan hər hansı səbəbdən olmadığı müddətdə onun səlahiyyətlərini başqanın birinci müavini həyata keçirir.
3.6.6. Başqan istefa verdikdə və ya hər hansı səbəbdən vəzifəsini icra edə bilmədikdə İdarə Heyətinin başqa bir üzvü başqan seçilir.
3.7. Demokratik DAK-ın təşkilat strukturunun genişlənməsinə və təşkilatlanmaya təşkilat məsulu cavabdehdir.
3.7.1. Təşkilat məsulu İdarə Heyəti tərəfindən İH üzvləri arasından seçilir.
3.7.2. Təşkilat məsulu eyni zamanda başqanın birinci müavinidir.
3.8. İdarə Heyətində sənədləşmə işlərinə İdarə Heyətinin katibi məsuldur.
3.8.1. Katıb İdarə Heyəti tərəfindən İH üzvləri arasından seçilir.
3.8.2. Katib toplantıları protokollaşdırır, qəbul olunmuş qərarları rəsmiləşdirir və müəyyən olunmuş ünvanlara göndərilməsini təmin edir.
3.8.3. Katib İdarə Heyətinin protokollarını və qəbul olunmuş digər sənədləri məlumat üçün təşkilatın üzvlərinə çatdırılmasını təmin edir.
3.9. Maliyyə məsulu təşkilatın sandığına maliyyə vəsaitinin toplanmasına və xərclənməsinə məsuldur.
3.9.1. Maliyyə məsulu İdarə Heyəti tərəfindən İH üzvləri arasından seçilir.
3.9.2. Maliyyə məsulu maliyyə vəsaitinin yalnız İdarə Heyətinin qərarına əsasən xərclənməsini təmin edir.
3.10. DAK-ın nəzarətedici orqanı Nəzarət Təftiş Komissiyasıdır (NTK).
3.10.1. NTK qurultayda, iştirakçıların müəyyən etdiyi sayda seçilir.
3.10.2. NTK nizamnaməyə uyğun olaraq təşkilatın fəaliyyətinə nəzarət edir.
3.10.3. NTK-ya rəhbərliyi üzvlər arasından seçilmiş başqan həyata keçirir
3.10.4. NTK təşkilatın prinsiplərini, Nizamnamə və Əsasnaməsini pozmuş üzv haqqında rəy hazırlayıb qərar verilməsi üçün İdarə Heyətinə təqdim edir.
3.10.5. NTK-nın hər bir üzvü İdarə Heyətinin toplantısında səsvermə hüququ olmadan iştirak edə bilər.
3.10.6. NTK öz fəaliyyəti ilə bağlı İdarə Heyətinə məlumat, Qurultaya isə hesabat verir.
4. Demokratik DAK-da üzvlük.
4.1. Dinindən, siyasi baxışından, etnik mənsubiyyətindən, yaşadığı ölkədən asılı olmayaraq bu Nizamnaməni, təşkilatın Əsasnaməsini və Məramnaməsini qəbul edən, onun məqsəd və vəzifələrini həyata keçirmək istəyən, üzvlük haqqı ödəyən hər bir fiziki şəxs Demokratik DAK-ın üzvü ola bilər.
4.2. Demokratik DAK-da üzvlük fərdidir.
4.3. Təşkilata üzv olmaq istəyən şəxs İdarə Heyətinin müvafiq qərarından sonra müraciət etdiyi gündən etibarən Demokratik DAK-ın üzvu sayılır.
5. Demokratik DAK üzvlərinin hüquq və vəzifələri
5.1. Təşkilatın seçkili orqanlarına seçmək və seçilmək.
5.2. Təşkilatın işi ilə bağlı istənilən məlumatı almaq.
5.3. Təşkilatın işində fəal iştirak etmək.
5.4. Üzvlük haqqını vaxtında ödəmək.
5.5. Təşkilatın mənafeyinə zidd olan və onun nüfuzuna xələl gətirən hərəkətlərə yol verməmək.
6. Demokratik DAK-ın əmlakı və maliyyə vəsaiti
6.1. Demokratik DAK-ın mülkiyyətini öz vəsaiti hesabına əldə etdiyi və ya ona bağışlanan vəsait və əmlak təşkil edir.
6.2. Demokratik DAK istənilən ölkədə öz vəsaiti hesabına nəşriyyatlar, mətbuat və informasiya orqanları, xeyriyyə cəmiyyətləri, fondlar və qanunla yasaq edilməyən digər orqanlar yarada bilər.
6.3. Demokratik DAK-ın əmlakının və maliyyə vəsaitinin qaynaqları bunlardır:
6.3.1. Üzvlük haqqı.
6.3.2. Fiziki və hüquqi şəxslərin yardımları, ianələri və hədiyyələri.
6.3.3. Təşkilat strukturlarının məhsul, iş və xidmətlərinin hesabına mühazirələr, sərgilər, tamaşalar, konsertlər, idman və digər tədbirlərin gerçəkləşdirilməsindən, eləcə də, qanunla qadağan olunmayan başqa əməliyyatlardan əldə edilən gəlir.
6.3.4. Əvəzsiz ödəmələr, qrantlar və sair.
6.4. Demokratik DAK-ın gəliri yalnız İH-nin qərarı ilə onun məqsəd və vəzifələrinin həyata keçirilməsinə xərclənir və qurultayda bu haqda hesabat verilir.
7. Demokratik DAK-ın buraxılma qaydası
7.1. Demokratik DAK-ın buraxılması təşkilatın ali orqanı olan Qurultayın qərarı ilə həyata keçirilir.
7.2. Demokratik DAK buraxılarkən onun əmlakının taleyi qurultayın və ya qurultay tərəfindən seçilmiş xüsusi komissiyanın qərarı ilə həyata keçirilir.
Demokratik DAK-ın I(IX) qurultayı
Stokholm şəhəri, İsveç
25 iyun 2006 il
|